BİLƏSUVARDA ŞƏHİDLƏRİMİZİN 40 MƏRASİMİ QEYD OLUNUB

SOSTV XƏBƏR VERİR Kİ, Erməni kəşfiyyat-təxribat qrupunun mövqelərimizə növbəti hücumunu dəf edərkən qəhrəmancasına şəhid olmuş Biləsuvar rayon Nərimankənd kənd sakinləri gizir Əliyev Pərvin Səlahəddin oğlu, kiçik gizir Hüseynov Rahil Əfsər oğlu və əsgər Qarazadə Anar Vidadi oğlunun bu gün böyük ehtiramla qırx mərasimi keçirilmişdir.
Mərasimdə Milli Məclisin deputatı Hacı Xanhüseyn KAZIMLI, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir QULİYEV, hüquq mühafizə orqanlarının, idarə müəssisə və təşkilatların rəhbərləri, rayon ziyalıları, gənclər və kənd sakinləri iştirak ediblər. 

Şəhidlərimizin ruhuna göstərilən yüksək sayğı və ehtirama görə şəhid valideynləri Ali Baş Komandan cənab Prezident İlham Əliyevə və rayon rəhbəri Mahir Quliyevə dərin təşəkkür və minnətdarlıqlarını ifadə ediblər. 
...Bəli, torpağın üzü soyuqdur, deyirlər. Yəqin elə ona görədir ki, torpağa tapşırılanlar zaman-zaman unudulur, yaddaşlardan silinir. Fərq burasındadır ki, şəhidlər torpağa tapşırılır-Allaha dönürlər. Əslində elə şəhidlərin unudulmamasının əsas səbəbi də bundadır. Onlar Tanrı qədər müqəddəsləşir. Tanrı qədər böyüyür!. Şəhidlər torpağa deyil, ürəklərə gömülür-şəhid dərdi ürəklərdən su içir. İnsanın qəlbindən su içən dərd, heç vaxt unudula bilməz…
Təbiətin özünəməxsus qanunları var. Bir fikir verin, qaranquşlar öz köçü ilə yazın gəlişini, yamacların tər çiçəkləri isə təbiətin ətrini gətirir. Şəhidlik də elə təbiətin yazılmış qanunlarından biridir. Deyərdim ki, bu təbiətin ən uca, ən ali qanunudur. Bəli, qaranquşlar yazın gəlişini, çiçəklər təbiətin ətrini gətirdiyi kimi, şəhidlər ölməzliyi ilə bərabər, özüylə böyük vətən sevgisi, xalq sevgisi gətirir. Şəhidlərin ruhu əbədiyaşar sevgidən yoğrulmuş, həmişə haqqa boylanan bir pak varlıqdır. Belə bir sevgi, heç vaxt torpağın qatına gömülə bilməz. Sevgiyə bələnmiş şəhid ruhları zaman-zaman torpağın qatından göyərir, boy atır və öz sevgisini həmişə bizlərlə paylaşır.


Doğma Biləsuvarımız özünün igid oğulları ilə gündən-günə “Qəhrəman şəhərə” çevrilməkdədir. Milli Qəhrəman Mübariz İbrahimov al qanı ilə “Vətən”, “Millət” adlı qəhrəmanlıq səlnaməsini yazdı tarixə. Şəhidlik şərbətini dadmaqdan çəkinməyən igidlərimiz, bu qəhrəmanlıq səlnaməsinə yeni töhvələr verməkdədir. Bu gün də gənclərimiz Milli Qəhrəman Mübariz İbrahimovun yolunu şərəflə davam etdirirlər.


MÜƏLLİF :  SAMİR QURBANOV